Bu gün Azərbaycan Premyer Liqasının daha iki görüşü keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Neftçi” arasında olacaq. Flaqman yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.

Doqquz oyundan 14 xal toplayan “ağ-qaralar” 4-cü pillədə qərarlaşıblar. Əyalət təmsilçisi isə 8 xalla 7-ci yerdədir.

Komandalar indiyədək ölkə çempionatında 48 dəfə üz-üzə gəliblər. Paytaxt klubu bu görüşlərin 22-də qələbə qazandığı halda, “qırmızı-qaralar” 16 dəfə 3 xala seviniblər. 10 matçda isə heç-heçə qeydə alınıb. Vurulan qolların sayında da qonaqlar üstündür - 68:59. “Neftçi” ardıcıl 13 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” son üç ev qarşılaşmasında xal qazana bilməyib.

Günün digər matçı isə Zirədə baş tutacaq. On beş xalla 3-cü sırada olan eyniadlı qəsəbə təmsilçisi “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibindən 3 xal geri qalan Yunis Hüseynovun başçılıq etdiyi kollektiv 5-ci pillədə yer alıb. İndiyədək 20 dəfə qarşılaşmış komandaların duelində hər iki tərəf 6 qalibiyyət alıb, 8 oyun bərabərliklə nəticələnib. Meydan sahiblərinin 23 qoluna qonaqlar 24 topla cavab veriblər. Son 3 qarşılaşmada 4 və ya daha çox qol vurulub. “Zirə” son iki ev oyununda qalib gəlib.

Xəbər 529 dəfə oxundu.