“Qarabağ” “Sumqayıt”ı böyük hesabla məğlub edib
Noyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna start verilib.

Turun açılış matçında son çempion “Qarabağ” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
“Azərsun Arena”da keçirilən görüş ağdamlıların 6:1 hesablı qələbəsi ilə baş çatıb.

“Qarabağ”ın heyətində Donald Qerye (2), Abdulla Zubir (2), Turan Bayramov və Mahir Əmrəli fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 18-ə çatdıran Ağdam təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. “Sumqayıt” isə 15 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, noyabrın 21-də keçirilməsi nəzərdə tutulan “Sabah”–“Səbail” qarşılaşması bəzi futbolçuların COVID-19 testindən yenidən keçəcəyi üçün təxirə salınıb.
Turun digər görüşləri noyabrın 22-də keçiriləcək.
Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ”–“Neftçi” matçında baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matç saat 14:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Zirə” – “Keşlə” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.
Bütün oyunlar “CBC Sport” kanalı ilə yayımlanacaq.

Xəbər 413 dəfə oxundu.