Avropa çempionu: Medal kolleksiyama Olimpiya mükafatını əlavə etmək istəyirəm
Azərbaycan xalqı böyük Qələbənin sevincini yaşayır. Belə bir zamanda üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyim üçün çox xoşbəxtəm. Azərbaycanın Dövlət Himnini səsləndirmək, bayrağını yüksəklərdə dalğalandırmaq belə bir zamanda çox qürurvericidir. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. Azərbaycanın təmsilçisi olmaqdan qürur duyuram!

Bu sözləri müsahibəsində noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında qızıl medal qazanan Orxan Səfərov deyib. O, qeyd edib ki, bir-birindən çətin keçən qarşılaşmalarda yalnız qələbə naminə mübarizə aparıb: “Pandemiya dövrünün çətinliklərinə baxmayaraq komandamız məşqləri davam etdirdi və onun nəticələrini görürük. Bu ilin oktyabrında Macarıstanda keçirilmiş “Böyük dəbilqə” turnirində bürünc medal qazandım. Düzü, çox təəssüflənirdim ki, bacarığımdan aşağı səviyyədə çıxış etmişəm. Ötən 1 ay ərzində özümü ancaq qələbəyə köklədim. Bir qədər həyəcanlı idim və eyni zamanda, üzərimdə böyük məsuliyyət hiss edirdim. Çox şükür, istədiyimə nail oldum”.
Orxan Səfərov gələcək hədəflərdən də danışıb: “Bundan sonra üzərimdə daha ciddi çalışmalıyam. Olimpiya xalları yığmaqda davam edəcəyəm. Əsas məqsədim reytinqimi yüksəltmək, Tokio Olimpiadasında çıxış etməkdir. Medal kolleksiyama Olimpiya mükafatını əlavə etmək istəyirəm”.

AZERTAC

Xəbər 435 dəfə oxundu.