AMADA idmançılara dəstək məqsədilə nümunələr hazırlayıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədilə yeni nümunələr hazırlayıb.

Bu, nümunələr idmançılara öz karyeraları ilə bağlı verdikləri qərarları hüquqi cəhətdən asanlıqla rəsmiləşdirməyə imkan verir.

Bildirilib ki, hər bir peşəkar idmançı öz karyerası ilə bağlı idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmə, habelə hərbi xidmətlə bağlı idmanı müvəqqəti tərk etmək barədə qərar qəbul edə bilər. Amma bu, antidopinq qaydaları əsasında həyata keçirilməlidir. Həmin idmançı bu barədə yazılı qaydada AMADA-nı (beynəlxalq səviyyəli idmançılar isə, eyni zamanda, müvafiq beynəlxalq federasiyanı onların tələblərinə uyğun olaraq) məlumatlandırmalıdır. Bu, antidopinq qaydalarına əsasən peşəkar idmançıların hüquqi öhdəliyidir və dopinq nəzarəti baxımından vacibdir. İdmanı tərk etmə, idmana qayıtma idman növünü dəyişmə, federasiya üzvlüyündən çıxarma halları beynəlxalq səviyyədə qəbul edilmiş qaydalarla tənzimlənir və həmin hüquqi prosedurlar düzgün formada icra edilməlidir. Bu, idmançının peşəkar karyerasını davam etdirə bilməsi baxımından əhəmiyyətlidir.

Qaydalara görə, əgər idmançı idmanı tərk etdiyini rəsmi şəkildə AMADA-ya bildirməyibsə, o, test nümunəsinin götürülməsinə cəlb edilə bilər. Bu zaman o, idmanı tərk etdiyini əsas gətirərək test nümunəsi verməkdən imtina edərsə, sanksiyaya məruz qala bilər. Yaxud idmanı tərk etmiş idmançı yenidən idmana qayıtmağını bildirdikdən dərhal sonra yarışlarda iştirak edərsə, onun nəticələri ləğv edilə bilər. Çünki həmin idmançı ən az 6 ay əvvəl bu qərarını rəsmi şəkildə bildirməli və dopinq nəzarətinə götürülməlidir. Barəsində sanksiya qərarı olan idmançı isə idmanı tərk edərsə, sanksiya müddəti dondurulur və o, idmana qayıtdıqdan sonra sanksiyanın icrası davam edir.

Qeyd edilib ki, hərbi xidmətə gedən idmançının bununla bağlı AMADA-nı məlumatlandırması vacibdir. Çünki peşəkar idmançıların məkan məlumatlarının verilməsi, testlərə cəlb olunması və digər öhdəlikləri var. İdmançı hərbi xidmətə getməsi ilə bağlı AMADA-nı məlumatlandırdığı təqdirdə onunla bağlı dopinq nəzarəti tədbirləri müvəqqəti olaraq dayandırıla bilər.

Vurğulanıb ki, idman növünü dəyişmə və federasiya üzvlüyündən çıxarılama qərarlarının bildirilməsi də dopinq nəzarətinin həyata keçirilməsi baxımından vacibdir. Bu, test planlaşdırılması, idmançı ilə bağlı məlumatların doğru ünvana göndərilməsi, idmançının və federasiyanın AMADA-nın göndərdiyi rəsmi məktublardan vaxtında xəbərdar olması və sair məsələlər baxımından vacibdir. Sözügedən məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi təqdirdə bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər.

Göründüyü kimi, idmançıların karyeraları ilə bağlı verdiyi qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb prosesdir və bunun icrası hüquqi biliklər və vaxt tələb edir.

AMADA məsələnin əhəmiyyətini nəzərə alaraq idmançıların işini asanlaşdırmaq məqsədilə 5 sadə nümunə (idmançılar üçün: idmanı tərk etmə forması, idmana qayıtma forması, idman növünün dəyişməsi forması, hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: federasiyada üzvlükdən çıxarılma forması) hazırlayaraq rəsmi internet səhifəsinə yerləşdirib (https://amada.az/legal/idmancilar-ucun-formalar/).

Bildirilib ki, bu nümunələrdə müraciətlə bağlı hüquqi prosedurlar, qaydalar və tələb olunan məlumatlar ətraflı şəkildə əks olunub. Nümunəni dolduran idmançı məlumatların düzgünlüyünə tam təminat verir və buna görə məsuliyyət daşıyır. İdmançı tərəfindən təqdim edilən forma AMADA tərəfindən təsdiqləndikdən sonra qərar rəsmiləşmiş hesab olunur.

AMADA üçün idmançıların hüquqlarının qorunması, onların idman fəaliyyətinin hüquqi cəhətdən düzgün təşkili prioritetdir. Elə buna görə də idmançılara dəstək xarakterli layihələr davamlı şəkildə həyata keçiriləcək.

Xəbər 386 dəfə oxundu.