Respublika Olimpiya Mərkəzi öz fəaliyyətini daha da genişləndirəcək
Dünyanın ən qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanda bədən tərbiyəsi və idmanın daha sürətlə inkişafı üçün idman infrastrukturunun təkmilləşdiririlməsi xüsusilə diqqət mərkəzindədir.

Ölkəmizdə ən müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, meydançalar, müxtəlif təyinatlı idman qurğuları bu sahənin inkişafında mühüm rol oynayır. İdman infrastrukturunun paytaxt Bakı, eləcə də, respublikamızın bütün guşələrində inkişafı bədən tərbiyəsinin kütləviliyinin getdikcə artırılması üçün böyük zəmin yaradır.

Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Respublika Olimpiya Mərkəzi bu günlərdə təmirdən sonra idmançıların istifadəsinə verilib. Noyabrın 13-də Gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə burada aparılan əsaslı təmir işləri ilə tanış olublar.

Manejin qaçış zolaqlarının təmiri, həmçinin baryerlər, şüvüllə və hündürlüyə tullanma üçün müasir avadanlıqların təminatı, mərkəzin hava təmizləmə və işıqlandırma sistemlərinin yenidən quraşdırılması və digər təchizatlar mərkəzin öz fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradır.

Respublika Olimpiya Mərkəzinin direktoru Emil Quliyev mərkəzin əsaslı təmirdən sonra öz qapılarını idman ictimaiyyətinin üzünə açdığını bildirib.

O, qeyd edib ki, manejdə, əsasən, atletika üzrə yığma komandanın hazırlığı həyata keçiriləcək: "İdman infrastrukturunun getdikcə təkmilləşdirilməsi istiqamətində atılan addımlar uğurla davam edir. Ölkəmizdə inkişaf etmiş idman növlərindən biri olan atletikanın kütləviliyini artırmaq üçün idman infrastrukturunun daha da təkmilləşdirilməsi mühüm amillərdəndir. Manejdə, əsasən yığma komandanın hazırlığı həyata keçiriləcək. Təlim-məşqlərin təşkili, yarışların keçirilməsi üçün mərkəzdə yaradılan şərait bu gün tam standartlara cavab verir. Respublika Olimpiya Mərkəzi öz fəaliyyətini bundan sonra daha da genişləndirəcək".

E.Quliyev Azərbaycanda atletika üzrə bir sıra nailiyyətlərin qazanıldığını və mərkəzin bu idman növü üzrə daha böyük uğurların əldə olunmasına öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib: "Ölkəmizdə bütün sahələr kimi, idmanda da çox böyük nailiyyətlər əldə edilib. Atletika üzrə də idmançılarımızın uğurlarını xüsusi qeyd etməliyəm. Əminəm ki, Respublika Olimpiya Mərkəzi atletikanın inkişafına öz töhfələrini verməkdə davam edəcək".

Qeyd edək ki, ümumi ərazisi 0,22 hektar olan mərkəzin atletika manejinin uzunluğu 130 metr, eni isə 36 metrdir. Manejin ətrafında 6 qaçış zolağı olan cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Qaçış zolağının arxasında standartlara uyğun nüvə itələmə sektoru bərpa olunub.

Bəsti Məmmədova

Xəbər 4249 dəfə oxundu.