Yaponiya hökuməti və Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadasının uğurlu təşkili üçün əməkdaşlıq edəcəklər
Yaponiyanın Baş naziri Yoşihide Suqa və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax gələn ilin yayında Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının uğurlu təşkili barədə razılığa gəliblər.

Tərəflər arasında bu barədə razılaşma noyabrın 16-da Baş nazirin Tokiodakı iqamətgahında keçirilən görüşdə əldə edilib. Qeyd edək ki, bu, BOK prezidentinin koronavirus pandemiyasına görə “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının bir il müddətinə təxirə salınmasından sonra Yaponiyaya ilk səfəridir.

Görüş zamanı Y.Suqa bildirib ki, Yaponiya insanların virus üzərində qələbəsini göstərmək üçün Olimpiadanın gələn il keçirilməsinə çalışır. Baş nazir, həmçinin Oyunların Yaponiyada 2011-ci il zəlzələsindən sonra zərər çəkmiş regionlarda aparılmış bərpa işlərini dünyaya nümayiş etdirmək imkanı qazandıracağını deyib.

Y.Suqa BOK ilə sıx təmasda Oyunların təhlükəsizliyinin təmin olunması üçün Yaponiya hökumətinin əlindən gələni əsirgəməyəcəyini də bildirib.

Olimpiadanın keçirilməsi ilə əlaqədar nümayiş etdirdiyi qətiyyətə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edən T.Bax Oyunların uğurlu təşkili üçün birlikdə çalışacaqlarına əmin olduğunu bildirib.

“Biz yenidən Olimpiya Oyunlarını, ümid edirəm ki, həmin vaxtadək koronavirusdan azad olacaq dünya insanlarının həmrəyliyinin və birliyinin böyük rəmzinə çevirməyi bacaracağıq”, - deyə BOK prezidenti vurğulayıb.

T.Bax əmin olduğunu bildirib ki, Olimpiya məşəli dünyanın hazırda içərisində olduğu tunelin çıxışındakı işığa çevriləcək.

Görüşdən sonra jurnalistlərlə görüşən Y.Suqa bildirib ki, o, T.Baxa Yaponiyanın Oyunların keçiriləcəyi yerlərdə qonaqları necə qarşılamağa hazırlaşdığını izah edib. Bundan əlavə, onlar koronavirusa qarşı aparılacaq mübarizə tədbirlərini də müzakirə ediblər.

Baş nazir bu görüşü Oyunların təşkilində fövqəladə dərəcədə vacib məqam adlandırıb.

Xəbər 417 dəfə oxundu.