Bu gün Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu keçirəcək
Noyabrın 14-də futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının birinci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək.

Bunadək dörd xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq üç xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.

Yığma qələbə qazana bilməsə də, bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr yığması Lüksemburqu seçməsini qəbul edəcək. Meydan sahibləri Azərbaycan millisindən yaxşı nəticə göstərməsə, C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.

Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksemburq isə qələbə qazansa, B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.


Xəbər 303 dəfə oxundu.