“Sivasspor”un legioneri “Qarabağ” ilə oyunu buraxa bilər
Türkiyənin “Sivasspor” komandasının futbolçusu Maks Qradel Avropa Liqasının qrup mərhələsində dördüncü turun “Qarabağ” ilə oyununu buraxa bilər.

32 yaşlı vinger Kot d İvuar yığmasının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskarı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.

Oyunun 85-ci dəqiqədə çiynindən zədə alan afrikalı oyunçu meydanı xərəkdə tərk edib. Qradelin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək “Qarabağ”-“Sivasspor” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Xəbər 416 dəfə oxundu.