Canni De Byazi: İlk dəfə şans verdiyim futbolçuların oyunundan razı qaldım
Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq.

Bunu futbol üzrə Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, oyuna yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Oyunun əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi. İnkişaf etməyimiz üçün lazımlı oyun idi.

İlk dəfə şans verdiyim futbolçuların oyunundan razı qaldım. Xüsusən, ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi.

Qeyd edək ki, Lyublyana şəhərindəki "Stojitse" stadionunda baş tutan Sloveniya-Azərbaycan yoldaşlıq oyununda hesab açılmayıb.

Xəbər 368 dəfə oxundu.