Azərbaycan cüdoçuları Avropa birinciliyində 3 medal qazanıblar
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyinə start verilib.

Mötəbər yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva (52 kiloqram) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.

Gənc cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. Komandamızın digər üzvü Nurlan Osmanov (66 kiloqram) da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçumuz bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.

Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı qitə birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.

Xəbər 450 dəfə oxundu.