Milli İdman Oyunları Assosiasiyasına yeni prezident seçilib
1990-cı ildən fəaliyyətə başlayan Azərbaycan Milli İdman Oyunları Assosiasiyası xalqımızın tarixinə işıq salan, onun tədqiqində əhəmiyətli rol oynayan milli idman növlərinin təbliğində böyük xidmətlərə malikdir. Uzun illər Assosiasiyaya rəhbərlik etmiş Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının Güləş və onun metodikası kafedrasının sabiq müdiri, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü olmuş mərhum Xanlar Qurbanov idman sahəsində fəaliyyətinin böyük bir dövrünü milli oyunlarımızın, xüsusən də zorxana idman növlərinin təbliğinə, nəinki ölkədə, bütün dünyada tanınmasına və inkişafına həsr edib. Azərbaycan Zorxana və Pəhləvan Güləşi Federasiyası 2007-ci ildən Beynəlxalq Zorxana İdman Federasiyasının (BZİF) üzvüdur və onun keçirdiyi bütün turnirlərdə Azərbaycanın milli yığma komandası iştirak etməklə layiqli nəticələr qazanıb. 2009-cu ildə zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında ağır çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, I yerə layiq görülməsi ilə əlaqədar Beynəlxalq Zorxana İdman Federasiyası (BZİF) tərəfindən Vüqar Qurbanov “Cahani pəhləvan” (dünya pəhləvanı) adına layiq görülüb və “Qızıl bazubənd” mükafatı ilə təltif edilib.

2008-ci ildə Koreya Respublikasının Bussan şəhərində Avropa Zorxana İdmanı Konfederasiyasının hesabat seçki konfransında Xanlar Qurbanov Federasiyanın vitse-prezidenti və texniki komitəsinin sədri seçilib.

Milli İdman Oyunları Assosiasiyasının zorxana idman oyunları ilə yanaşı Azərbaycanda uzun əsrlər boyu yaşayan digər idman növlərinin təbliği və bərpası sahəsində də xidmətləri əvəzsiz olub. Qədim ənənələrə söykənən çovqan, nərd, kəndirtartma, daşqaldırma və s. milli idman növlərinə xüsusi diqqət ayrılıb. Bu növlər üzrə ölkə yarışları keçirilib, onlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən sahə və respublika spartakiadalarının proqramına daxil edilib.

Bu ilin avqust ayında Xanlar Qurbanovun vəfatından sonra, Milli İdman Oyunları Assosiasiyasının prezidenti vəzifəsini Xanlar müəllimin oğlu – 2012-ci ildən qurumda vitse-prezident olan, Əməkdar məşqçi Kazım Qurbanov yerinə yetirib. Uzun illər təşkilata rəhbərlikdə böyük təcrübə toplayan, təşkilatçılıq bacarığı ilə fərqlənən Kazım Qurbanov Assosiasiya üzvlərinin yekdil rəyi ilə prezident vəzifəsinə namizədliyə layiq bilinib.

Bu günlərdə təşkilata yeni prezident seçilib. Seçki yığıncağının iştirakçıları bu vəzifəyə Kazım Qurbanovu seçiblər və yeni prezidentin öz sələfinin yolunu layiqincə davam etdirəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər 1047 dəfə oxundu.