“Vuelta” veloyürüşünün 14-cü mərhələsinin qalibi belçikalı idmançı olub
İspaniyada məşhur “Vuelta” veloyürüşü sona yaxınlaşır.

Artıq 14-cü mərhələ arxada qalıb. Belə ki, bu mərhələdə velosipedçilər 204,7 kilometr məsafə qət ediblər. Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda belçikalı idmançı fərqlənib. Tim Vellens 4 saat 37 dəqiqə 5 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Kanadalı Maykl Vuds ikinci yerlə kifayətlənib. İlk üçlüyü çexiyalı Zdenek Ştıbar tamamlayıb.

Sloveniyalı Primoj Roqliç finiş xəttini onuncu keçib. Amma bu, onun ümumi sıralamada liderliyinə təsir etməyib.

On dörd mərhələdən sonra Primoj Roqliç liderliyini davam etdirir. O, ən yaxın izləyicisi ekvadorlu Riçard Karapası 39 saniyə qabaqlayır. Liderdən 47 saniyə geri qalan böyük britaniyalı Hyu Karti üçüncü pillədədir.

Xəbər 499 dəfə oxundu.