“Red Bull” Aleksandr Albon ilə mövsümün sonunda yollarını ayıra bilər
Formula 1 üzrə dünya çempionatında çempionluq uğrunda mübarizə apara bilməsə də, “Red Bull” hazırda “Mersedes”dən sonra ən güclü komandadır. Bu komandanın yüksək səviyyədə çıxışına təkan verən pilot Maks Ferstappendir. Mütəxəssislərin fikrincə, onun komanda yoldaşı Aleksandr Albon tələbələrə cavab vermir. Böyük ehtimalla mövsümün sonunda britaniyalı pilot “Red Bull”da yerini itirəcək.

Hər nə qədər “Red Bull” rəhbərliyi A.Albona mövsümün sonuna qədər şans verəcəyini açıqlasa da, əslən tailandlı pilot ümidləri doğrultmur. Bir neçə gün əvvəl sabiq Formula 1 pilotu Jak Vilnöv A.Albonu “Red Bull” tarixinin ən zəif ikinci pilotu adlandırmışdı. Artıq mütəxəssislər avstriyalıların Albonun əvəzinə komandaya Niko Hülkenberqi gətirəcəyini yazır.

Bəzi mənbələr mövsümün sonunda ”Reysinq Point”dən ayrılacaq Serxio Peresin də N.Hülkenberq qədər şanslı olduğunu qeyd edir. “Red Bull”un aparıcı pilotu M.Ferstappen məsələ haqda mətbuata açıqlama verməsə də, onun atası Yos vəziyyəti təhlil edib: “Hazırda Maksın işlərinin tam qaydasında getdiyini söyləmək olmaz. Oğluma komandada çox güclü rəqib lazımdır. Sonuncu Qran-Pridə baş verən hadisələr buna sübutdur. “Red Bull”da yüksək səviyyəli ikinci pilot olsa, Maksın nəticələri daha da yaxşılaşar”.

Xəbər 425 dəfə oxundu.