MBA-nın yeni mövsümünün təqvimi müəyyənləşib
Milli Basketbol Assosiasiyasında (MBA) yeni mövsümün başlanması ilə bağlı fikir ayrılığı yaranmışdı. Basketbolçular və liqa rəhbərliyi razılığa gələ bilmədiyindən mövsümün bir qədər gec başlayacağı gözlənilirdi. Artıq bu problem həll olunmaq üzrədir.

MBA-nın yeni mövsümünün təqvimi müəyyənləşib. Amerika mətbuatının məlumatına görə, müntəzəm çempionat böyük ehtimalla, dekabrın 22-də start götürəcək. Liqa rəhbərliyi hələ iki həftə əvvəl mövsümün məhz bu tarixdə start götürəcəyini planlaşdırsa da, basketbolçular bununla razılaşmırdı. Uzunsürən müzakirələrdən sonra artıq tərəflər ortaq məxrəcə gəlib. Basketbolçular bir müddət əvvəl mövsümün yanvarın 18-də başlamasını və hər komandanın müntəzəm çempionatda 50 və ya 60 oyun keçirməsini istəyib. Lakin liqa rəhbərliyi onları fikrindən daşındıra bilib. Əslində, mövsümün dekabrdan start götürməsi hər iki tərəfə sərf edir. Belə ki, çempionat gec başlayacağı halda liqa və klublar daha ciddi maliyyə itkisi ilə qarşılaşa bilərdi. Hər halda, Milad bayramı günü ənənəvi oyunların keçirilməməsi reytinqə də mənfi təsir göstərir.

Yeni təqvim planına gəlincə, komandalar dekabrın 1-dən təlim-məşq toplanışına başlayacaq və mövsümün startına qədər hər klub ən azı 3 yoxlama oyunu keçirəcək. Hər komanda müntəzəm çempionatda 72 oyuna çıxacaq, “All Star” həftəsi isə martın ortalarında təşkil olunacaq. Müntəzəm çempionat mayın ikinci 10 günlüyündə, pley-off iyulda başa çatacaq.

Xəbər 776 dəfə oxundu.