Qadir Kavı oğlu Babayev
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Ağır Atletika üzrə Beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Qadir Babayev noyabrın 2-də ömrünün 66-cı ilində vəfat edib.

Qadir Kavi oğlu Babayev 1954-cü il yanvar ayının 17-də Cəlilabad şəhərində anadan olub. O, SSRİ idman ustası, dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin mükafatçısı və qalibi olub. Müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ədalət təmsilçisi qismində layiqincə təmsil edib.

Azərbaycan Ağır Atletika Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü olan mərhum mütəxəssis, Azərbaycanda idmanın inkişaf etdirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif olunub.

Qadir Babayevin əziz xatirəsi onun tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi


Xəbər 949 dəfə oxundu.