“Mercedes” komandası Konstruktorlar Kubokunun qalibi olub
İtaliyanın İmola şəhərində Formula 1 Emiliyi-Romanyi Qran-Prisi yekunlaşıb.

Yarış öncəsi əsas mübarizənin “Mercedes” komandasının pilotları Luis Hamilton və Valteri Bottas arasında gedəcəyi gözlənilirdi. Ehtimallar özünü doğruldub. Yürüşün başlanğıcından digər pilotlarla arasında fərq yaratmağı bacaran hazırkı dünya çempionu sonda yarışı qələbə ilə başa vurub. İkinci yer onun komanda yoldaşı V.Bottasa qismət olub. “Renault” komandasından Daniel Rikkardo isə üçüncü pillə ilə kifayətlənib.

Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib.

Bu nəticədən sonra “Mercedes” komandası sona 4 mərhələ qalmış 479 xalla Konstruktorlar Kubokunun qalibi olub. İkinci yerdə 226 xalla “Red Bull” qərarlaşıb. “Renault” isə 135 xalla üçüncüdür.

Pilotların mübarizəsində isə L.Hamilton 282 xalla birinci, V.Bottas 197 xalla ikinci, “Red Bull”un pilotu Maks Ferstappen isə 162 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, mövsümdə çempionluğunu elan etmək üçün Hamiltona növbəti yarışda Türkiyədə təşkil olunacaq İstanbul Qran-Prisində qələbə qazanmaq kifayətdir.

Xəbər 442 dəfə oxundu.