Slovakiya Futbol İttifaqı ermənistanlı futbolçuya xəbərdarlıq edib
Slovakiya Futbol İttifaqı “Jilina” klubunun üzvü Vahan Bıçakçıyana xəbərdarlıq edib.

Buna 21 yaşlı yarımmüdafiəçinin Slovakiya Super Liqasında DAK komandası ilə matçda təxribata yol verməsi səbəb olub. V.Bıçakçıyan qol vurduqdan sonra formasının altında üzərində ingilis və erməni dillərində Ermənistan əsgərlərinə dəstək ifadə edən futbolkanı nümayiş etdirib.

AFFA-nın bununla əlaqədar Slovakiya Futbol Assosiasiyasına ünvanladığı məktubda mövcud qaydalara əsasən futbol matçları zamanı hər hansı siyasi şüarların səsləndirilməsinin və ya nümayişinin qadağan olunduğu qeyd edilib.

Assosiasiyanın müraciətinə cavab məktubunda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə İntizam Komitəsi tərəfindən baxılıb və yol verdiyi hərəkətə görə futbolçuya intizam sanksiyası tətbiq edilərək ona xəbərdarlıq olunub.

Xatırladaq ki, UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət etmişdi. UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silib.

Xəbər 352 dəfə oxundu.