Qurban Qurbanov: Fikrimiz cəbhədə və əsgərlərimizin yanındadır
Qarşılaşma Bakıda olmalı idi, lakin Türkiyədə keçiriləcək. Qardaş ölkədə olduğumuz üçün sevincliyik. “Vilyarreal”ın güclü komanda olduğunu bilirik. Təcrübəli rəqibə qarşı oynayacaq və düzgün oyun qurmağa çalışacağıq.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda İspaniyanın “Vilyarreal” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl oktyabrın 28-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, İspaniya təmsilçisinə qarşı yaxşı oyun nümayiş etdirmək istəyirik. Ölkəmizdən kənarda oynamaq bir az çətindir. Siyasət futbola da təsir edib. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də “Qarabağ” komandası olaraq öz vəzifəmizi düzgün yerinə yetirmək niyyətindəyik. Fikrimiz cəbhədə və əsgərlərimizin yanında olsa da, çalışırıq ki, işimizi layiqincə görək. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizə böyük üstünlük verir. İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq və bu cür hallar yaşanmayacaq.

“Pandemiyadan sonra komandanı eyni səviyyədə saxlamaq çətindir. Bu səbəbdən İsraildə “Makkabi” ilə qarşılaşmada çatışmazlıqlar oldu. Bizim xeyli sayda oyunçu itkilərimiz var. Bir aydan çoxdur ki, istədiyimiz komandanı qura bilmirik. Amma “Makkabi”yə qarşı pis çıxış etmədik. Çalışacağıq ki, sabah keçiriləcək görüşdə səhvləri təkrarlamayaq”, - deyə Q.Qurbanov əlavə edib.

Qrupdakı 6 oyunu səfərdə keçirməyin asan olmadığını deyən Q.Qurbanov bildirib: “Bu, futbolçulara öz formalarında qalmaqda çətinlik yaradacaq. Ola bilər ki, bütün matçlarda yorğunluq olsun. Amma çıxış yolumuz yoxdur, heyətdə bəzi dəyişikliklər edəcəyik. Gənc oyunçularımızı da meydana buraxa bilərik. Çalışacağıq ki, həmişə düzgün və doğru qərar verək.

Qeyd edək ki, “Qarabağ”-“Vilyarreal” matçı oktyabrın 29-da İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək. Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda təşkil olunacaq.

Xəbər 413 dəfə oxundu.