Məşhur “Giro D`İtalia” veloyürüşü başa çatıb
Məşhur “Giro D`İtalia” veloyürüşü başa çatıb.

21 mərhələdən ibarət çoxgünlük yarışda böyük britaniyalı idmançı Teo Qeyqan Hart fəxri mükafata sahib çıxıb.

Yürüşün sonuncu – 21-ci mərhələsində velosipedçilər 15,7 kilometr məsafədə fərdi mübarizə aparıblar. Bu turda yerli idmançı ən yaxşı nəticə göstərib. İtaliyalı Filippo Qanna 17 dəqiqə 16 saniyə ilə birinci olub. Ondan 32 saniyə geri qalan belçikalı Viktor Kampenarts ikinci, avstraliyalı Roan Dennis üçüncü yeri tutub. Teo Qeyqan Hart ilk 10-luqdan kənarda qalıb. O, 13-cü nəticə göstərib. Amma bu onun ümumi sıralamada liderliyinə təsir etməyib.

Beləliklə, 21 mərhələdən sonra zirvədəki yerini qoruyan 25 yaşlı velosipedçi turnirin qalibi olub. Bu Teo Qeyqan Hartın karyerasında ən böyük uğurdur. Avstraliyalı Cey Hindli ikinci yeri tutub. İlk üçlüyü Niderland təmsilçisi Vilko Kilderman tamamlayıb. Yarışın əvvəlindən uzun müddət ümumi sıralamaya başçılıq edən portuqaliyalı Joau Almeyda isə dördüncü olub.

Xəbər 491 dəfə oxundu.