“Haas” pilotları ilə yollarını ayırır
Bu mövsüm Formula 1-də ən uğursuz komandalardan biri də “Haas”dır. Təsadüfi deyil ki, ABŞ-ı təmsil edən komanda hazırda Mühəndislər Kubokunda 9-cu pillədə qərarlaşıb. Vəziyyətdən çıxış yolu axtaran rəhbərlik heyəti dəyişmək qərarına gəlib.

Növbəti mövsümdən Romen Qrojan və Kevin Maqnussen “Haas”da çıxış etməyəcək. Bu barədə pilotların özləri ictimaiyyətə məlumat verib. Əvvəlcə, Qrojan sosial şəbəkə hesabından komandadan gedəcəyini elan edib: “Mən “Haas” Formula 1-də iştirak etməyə başlayandan bu komandadayam. Bu 5 ildə enişli-çıxışlı dövr yaşadıq. 92 Qran-Pridə 110 xal topladıq. Mən bu komandada pilot kimi inkişaf etdim. Burada keçirdiyim illəri heç vaxt unutmayacağam. “Haas”a bundan sonra uğurlar arzulayıram”.

Bu bəyanatdan sonra K.Maqnussen də komandadan gedəcəyini açıqlayıb: “Haas”da sonuncu mövsümümü keçirirəm. Bu günədək mənə dəstək olan Cin Haas və Günter Ştaynerə təşəkkür edirəm. Dörd il ərzində onlar mənə güvəndilər. Qarşıdakı Qran-prilərdə maksimum dərəcədə yaxşı çıxış edəcəyəm”.

“Haas”ın rəhbəri Günter Ştayner də bu iki pilotla yollarını ayırdıqlarını təsdiqləyib. O, indiki məqamda dəyişikliyə ehtiyac duyduqlarını söyləyib. Amma Ştayner növbəti mövsüm komandaya kimləri dəvət edəcəklərindən heç nə deməyib. Mətbuat isə Nikita Mazepin, Mik Şumaxer, Serxio Peres və Niko Hyulkenberq variantlarını qeyd edir.

Xəbər 406 dəfə oxundu.