Çingiz Hüseynzadə: “Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparır“
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüşüb.

Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan hazırda torpaqlarının azadlıq müharibəsi dövrünü yaşayır. “30 ildir ki, münaqişə Beynəlxalq Təşkilatların masasının üstündəydi. Danışıqlar prosesində fəal iştirak edən Azərbaycan üçün sülh prosesi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə bitdi. Biz ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparırıq”.

Azərbaycanın məsələnin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həll etdiyini bildirən MOK-un rəsmisi, “Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Biz bilirik ki, Yaponiya höküməti və xalqı ədalətin və sülhün tərəfindədir”, deyə qeyd edib.

Səfir Vada Cuniçi, Yaponiya ilə Azərbaycanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğulayaraq ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə arasındakı səmərəli əlaqələrin mühüm rolunu qeyd edib. O, sülhsevər dövlət olan Yaponiyanın məsələnin Beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına ümid etdiyini bildirib. Tərəflər Yaponiya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iqtisadi, siyasi və digər sahələrlə yanaşı idman əlaqələrinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə bundan sonra Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində aparılacaq qarşılıqlı əməkdaşlıq imkanlarına dair də müzakirələr aparılıb.

Xəbər 423 dəfə oxundu.