“Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayır
Oktyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə start götürən “Böyük dəbilqə” turnirində cüdoçularımızın 7-si mübarizəyə başlayır.

Kəramət Hüseynov Luka Mxeidze (Fransa), Davud Məmmədsoy (hər ikisi 60 kq) Vijay Kumar Yadav (Hindistan) ilə güclərini sınayacaqlar.

Turnirdə 66 kiloqram çəkidə mübarizə aparacaq Nicat Şıxəlizadə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibi, Orxan Səfərov İvo Verhorstert (Niderland) ilə döyüşəcəklər.

Qadınlar arasında keçirilən yarışlarda isə Aişə Qurbanlı Şirin Boukli (Fransa), Leyla Əliyeva (hər ikisi 48 kq) Luka Mamira (Macarıstan), Gültac Məmmədəliyeva (52 kq) monqolustanlı Qal-Od Tserentoqxod ilə güclərini sınayacaqlar.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycanın 17 cüdoçusu qatılıb. Oktyabrın 25-dək davam edəcək yarışda idmançılar Tokio Olimpiadasına reytinq xalları da qazanacaqlar.

Xəbər 449 dəfə oxundu.