“Red Bull” komandası Aleksandr Albon ilə yollarını ayıra bilər
Son illər Formula 1-də “Mercedes” əsas söz sahibi olsa da, “Red Bull” da çempionata rəng qatan komandalardandır. Amma “Mercedes”də pilotlar arasında olan nisbi balans, “Red Bull”da yoxdur. Ona görə də Avstriya komandasında növbəti mövsüm dəyişiklik gözlənilir.

“Red Bull”un məsləhətçisi Helmut Marko komandanın növbəti mövsüm üçün planlarından danışıb. Avstriyalı funsksioner pilot seçimi ilə bağlı danışarkən, müəyyən mülahizələr yürüdüb. O, Aleksandr Albonun “Red Bull”da qalacağına təminat verməyib: “Aleksandr inkişaf edəcəyi halda, komandada qalacaq. Sürətli döngələrdə o, Maks Ferstappen səviyyəsindədir. Amma Albon bəzi döngələrdə çox vaxt itirir. Onun hansı qərar qəbul edəcəyini müəyyənləşdirmək olmur. Albon ümidləri doğrultmasa, biz öz proqramımıza dəyişiklik etmək məcburiyyətində qalacağıq. Belə olan halda komandaya Serxio Peres və ya Niko Hyulkenberqi dəvət edə bilərik”.

Son vaxtlar A.Albonun “Red Bull”dan göndəriləcəyi ilə bağlı şayiələr dolaşır. Onun komanda yoldaşı Maks Ferstappen kimi yüksək səviyyədə yarışmaması “qırmızı öküzlər” üçün problemə çevrilib.

Xəbər 435 dəfə oxundu.