Azərbaycan güləşçisi qızıl medalını ordumuza dəstək məqsədilə hərraca çıxarır
Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı və vətənpərvər təşəbbüslə çıxış edib.

Millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində qazandığı qızıl medalı hərraca çıxarmağa hazırlaşdığını deyib: “Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz Vətənə və ordumuza dəstək üçün bütün fədakarlıqları etməyə hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik”.

R.Hüseynov təkcə bir idmançı və vətəndaş kimi deyil, həm də Silahlı Qüvvələrimizin zabiti kimi Romada qazandığı və onun üçün çox əziz olan qızıl medalı hərraca çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazırlaşdığını vurğulayıb.


Xəbər 459 dəfə oxundu.