IWF-nin rəhbəri səlahiyyətlərini böyük britaniyalı Mayk İrani icra edəcək
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəhbəri səlahiyyətlərini böyük britaniyalı Mayk İrani icra edəcək.

Bu barədə təşkilatın İcraiyyə Komitəsi tərəfindən qəbul edilən qərarında bildirilib. O, bu postda tailandlı İntarat Yodbanqtoyu əvəz edib. M.İrani ona göstərdiyi etimada görə, İcraiyyə Komitəsinə təşəkkürünü bildirməklə yanaşı, gələcəkdə IWF prezidenti postuna namizəd olmayacağını və yalnız bütün gücünü toplayıb dəqiq və şəffaf konqresin təşkilinə nail olacağını bildirib.

Oktyabrın 14-də amerikalı Ursula Papandreanın qurumun müvəqqəti icraedici postundan istefası təsdiqləndiyinə görə, təşkilatın toplantısı birinci vitse-prezident İntarat Yodbanqtoyun sədrliyi ilə keçirilib. Rəhbər dəyişikliyindən narahatlığını bildirən Beynəlxalq Olimpiya Komitəsi U.Papandrea tərəfindən federasiyada aparılan islahatları dəstəklədiyini və islahat kursundan imtina olunacağı təqdirdə, ağırlıqqaldırma idman növünün “Paris-2024”ün proqramından çıxarılacağını açıqlayıb.

M.İrani bundan əvvəl IWF-nin Tibb komitəsinin, eləcə də, Antidopinq komissiyasının sədri vəzifəsində çalışıb. Müvəqqəti prezident təyinatı aprelin 15-də quruma 2000-ci ildən rəhbərlik edən macarıstanlı Tamaş Ayanın istefasının qəbul olunmasından sonra gündəmə gəlib.

Xəbər 547 dəfə oxundu.