AIBA “Paris-2024”də BOK tərəfindən tanınma statusunu qaytarmağı planlaşdırır
Beynəlxalq Boks Assosiasiyası (AIBA) 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınma statusunu qaytarmağı planlaşdırır.

Bu barədə AIBA prezidenti vəzifəsini icra edən Məhəmməd Mustasanın bəyanatında deyilir. Bundan əvvəl BOK prezidenti Tomas Bax AIBA-nın yenidən qurulmasında heç bir irəliləyiş görmədiyini bildirib. O qeyd edib ki, prezident seçkiləri ilə bağlı söhbət getsə də, hələ ki, AIBA rəhbərliyində islahatlara dair irəliləyiş olmaması onları narahat edir.

2018-ci il noyabrın 30-da BOK Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planlarını “dondurub”. 2019-cu ilin may ayında isə BOK boks turnirini Olimpiadada saxlamağa qərar verib. Eyni zamanda, AIBA BOK-un maliyyə, idarəetmə, hakim və etika ilə əlaqəli tələblərini yerinə yetirə bilmədiyi üçün tanınma statusundan məhrum edilib.

Qeyd edək ki, AIBA-nın konqresinin dekabrın 12-13-də keçirilməsi planlaşdırılır. İclas zamanı AIBA-ya prezident seçkiləri keçiriləcək və beynəlxalq qurumun yeni nizamnaməsi qəbul ediləcək. Ötən ilin martında özbəkistanlı Qafur Rəhimov AIBA-nın rəhbəri vəzifəsindən istefa verib. Hazırda assosiasiyanın prezidenti səlahiyyətlərini Məhəmməd Mustasan yerinə yetirir.

Xəbər 454 dəfə oxundu.