Albon “Red Bull”da, Kvyat isə “Alfa Tauri”də yerini itirə bilər
Formula 1-də mövsüm sona yaxınlaşdıqca komandalar növbəti il üçün planlar cızmağa başlayır. Artıq bəzi komandaların bununla bağlı planları var. Onlar hələ kimlərə güvənəcəklərini ictimaiyyətə açıqlamasa da, məsələni artıq konkretləşdirdiklərini etiraf edirlər. “Red Bull” da məhz belə komandalardandır.

“Red Bull”un məsləhətçisi Helmut Marko növbəti mövsüm üçün əsas və ikinci komanda - “Alfa Tauri”də hansı pilotların yarışacağını müəyyənləşdirdiklərini söyləyib. Mətbuata açıqlama verən avstriyalı funksioner artıq 3 sürücünün adlarının onlara məlum olduğunu, 4-cünü isə noyabrın 15-i keçiriləcək Türkiyə Qran-Prisinədək açıqlayacaqlarını bildirib. Amma o, mətbuata ad çəkməyib. Avropa mətbuatının ehtimallarına görə, Maks Ferstappen “Red Bull”da qalacaq. Aleksandr Albonun taleyi isə sual altındadır. Belə ki, böyük britaniyalı yenidən “Alfa Tauri”də çıxış edə bilər. Onun əvəzinə isə Niko Hülkenberq və Serxio Peresin “Red Bull”a dəvət olunacağı ehtimal edilir. Rusiyalı Daniil Kvyatın da “Alfa Tauri” qalıb-qalmayacağı məlum deyil. Hətta bəzi mənbələr hazırda Formula 2 yarışlarında çıxış edən yaponiyalı pilot Yuki Tsunodanın bu komandaya gətiriləcəyini yazır.

H.Marko son vaxtlar Formula 2-də inamlı çıxışı ilə yadda qalan Mixael Şumaxerin oğlu Mik Şumaxerin də gələcək taleyi haqda danışıb. Helmut almaniyalı pilotun “Alfa Romeo”ya keçmək üzrə olduğunu söyləyib.

Xəbər 500 dəfə oxundu.