“Mercedes”in pilotu Luis Hamilton Ayfel Qran-Prisinin qalibi olub
Almaniyanın Nürburqrinq trasında keçirilən Ayfel Qran-Prisinin qalibi “Mercedes”in pilotu Luis Hamilton olub.

Britaniyalı sürücü bununla da karyerasında 91-ci dəfə qələbə qazanıb. O, bu nəticə ilə yeddiqat dünya çempionu Mixael Şumaxerin rekordunu təkrarlayıb.

İkinci və üçüncü yerləri, müvafiq olaraq, “Red Bull”un təmsilçisi Maks Ferstappen və “Renault”un pilotu Daniel Rikkardo tutublar.

L.Hamilton 11 Qran-Prinin yekun nəticəsinə görə, 230 xalla pilotların sıralamasında liderliyini davam etdirir. İkinci yerdə 161 xalla Valtteri Bottas (“Mercedes”) qərarlaşıb. Üçüncü pilləni isə 147 xalla M.Ferstappen tutub.

Konstruktorlar kubokuna isə “Mercedes” 391 xalla liderlik edir. “Red Bull” 211 xalla ikinci, “Racing Point” isə 120 xalla üçüncü yerdədir.

Xəbər 442 dəfə oxundu.