Azərbaycan milli komandası UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib
Oktyabrın 10-da futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə üçüncü oyununu keçirib.

Millimiz Podqoritsa şəhər stadionunda Monteneqro yığmasının qonağı olub.

Azərbaycan millisinin heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Əli Qurbani, Rəhim Sadıxov və Namik Ələsgərov çıxıblar.

Monteneqro komandasının ilk onbirliyində isə Milan Miyatoviç, Momçilo Raspopoviç, İqor Vuyaçiç, Marko Simiç. Risto Radunoviç, Marko Bakiç, Nikola Vukçeviç, Aleksandar Bolyeviç, Stevan Yovetiç, Sead Hakşabanoviç və Dino İslamoviç yer alıblar.

İspaniyadan olan hakimlər briqadasının idarə etdiyi oyunda Monteneqro millisi 2:0 hesabı ilə qalib gəlib. Rəqibin heyətində Stevan Yovetiç və İqor İvanoviç fərqləniblər.

İlk turda millimiz Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzub. Daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.

Qrupun digər matçında Lüksemburq Kipri 2:0 hesabı ilə üstələyib.

Hesabında 9 xal olan Monteneqro yığması qrupa liderlik edir. Lüksemburq 6 xalla ikinci, Azərbaycan isə 3 xalla üçüncü pillədə yer alıb. Hesabında xal olmayan Kipr isə qrupda sonuncudur.

Xəbər 456 dəfə oxundu.