UEFA Millətlər Liqası: Azərbaycan millisi Monteneqro yığmasının qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Millimiz üçüncü turda qrup lideri Monteneqronun qonağı olacaq. Podqoritsa şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burgos Bengoeçea olacaq. Ona Roberto del Palomar və Pau Cebrian Devis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirəcək.

İlk turda millimiz Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzub. Daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.

Yığmamızın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxacaq. Rəqibin heyətində isə Stefan Saviç cəzalıdır.

Matç “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qrupun digər matçında Lüksemburq Kipri qəbul edəcək.

Qrupa hesabında 6 xal olan Monteneqro yığması liderlik edir. Lüksemburq və Azərbaycan 3 xalla ilk üçlükdə yer alıblar. Hesabında xal olmayan Kipr isə qrupda sonuncudur.

Xəbər 434 dəfə oxundu.