Xüsusi olimpiyaçı qızlar arasında həndbol turniri keçirilib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə qızlar arasında həndbol turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında keçirilən turnir 18 Oktyabr - Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Yarışda 12 təşkilatdan 24 komanda iştirak edib.

Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandaların tərkibində həm UNIFIED (inklüziv birləşmiş), həm də əqli imkanları məhdud idmançılar mübarizə aparıblar.

Yekun nəticədə, yarışların ən güclü divizionunda 12 nömrəli xüsusi internat məktəbinin komandası birinci yeri tutub. Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbinin komandası ikinci, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi isə üçüncü yerdə qərarlaşıblar.

Sonda yüksək nəticə göstərən komandalar mükafatlandırılıblar.

Xəbər 451 dəfə oxundu.