Luis Hamilton Mixael Şumaxerin rekordunu təkrarlaya bilər
Formula 1 üzrə dünya çempionatının 11-ci mərhələsi - Eyfel Qran-Prisi start götürür. Yarış Almaniyanın “Nurburqrinq” avtodromunda keçiriləcək.

Yarışda “Mercedes”in təmsilçisi Luis Hamilton Formula 1-in yeddiqat dünya çempionu almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlaya bilər. Britaniyalı sürücü bu nailiyyətə çatmaq üçün Soçidəki son mərhələdə ilk cəhdində fürsəti əldən verib. Bunun səbəbi L.Hamiltonun səhv yerlərdə hazırlıq keçməsinə görə aldığı iki beş saniyəlik cərimə olub. Nəticədə, o, üçüncü yerdə qərarlaşıb. İngiltərəli sürücü ikinci cəhdini bir sıra ölkələrin koronavirus şəraitində mərhələ keçirməkdən imtina etməsindən sonra mövsüm təqviminə daxil edilən Eyfel Qran-Prisində edəcək.

Bu yarış, həm də, M.Şumaxerin oğlu Mikin qatılacağı ilk Formula 1 turniri olacaq. O, ilk məşqini “Alfa Romeo” komandası ilə keçirəcək. Onun “Ferrari”dəki komanda yoldaşı britaniyalı Kallum Aylott də Formula 1-də debüt məşqini edəcək.

“Nurburqrinq”də Formula 1 mərhələsi sonuncu dəfə 2013-cü ildə keçirilib və alman Sebastyan Fettelin çempionluğu ilə başa çatıb.

Xəbər 436 dəfə oxundu.