Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün mükafat fondu 1,95 milyard avro təşkil edəcək
Futbol üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün mükafat fondu 1,95 milyard avro təşkil edəcək.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Belə ki, qrup mərhələsinin hər bir iştirakçısı 15,25 milyon avro qazanacaq. Bu mərhələdəki hər qələbə komandaya 2,7, heç-heçə 0,9 milyon avro gətirəcək. Komandalar səkkizdəbir finala çıxdığı halda 9,5, dörddəbir finala adlayanda 10,5, yarımfinala yüksəldikdə 12, finalda oynayacağı təqdirdə 15 milyon qazanacaqlar. Qələbə üçün kluba əlavə 4 milyon avro veriləcək.

UEFA Superkubokunun iştirakçıları 3,5, qalib isə əlavə, 1 milyon avro mükafat alacaq.

Avropa Liqasının qrup mərhələsində iştirak edən komandalar 2,92 milyon avro gəlir əldə edəcəklər. Bu mərhələdəki qələbəyə görə komandalar 570, heç-heçə üçün 190 min avro alacaqlar. Qrup qalibi 1 milyon, ikinci olan komanda 500 min avro qazanacaq. Onaltıdabir finalda klublar 500 min, səkkizdəbir finalda 1,1 milyon, dörddəbir finalda 1,5, yarımfinalda 2,4, finalda isə 4,5 milyon avroya sahib olacaqlar. Qalib isə daha 4 milyon avro qazanacaq. Turnirin ümumi mükafat fondu 560 milyon avrodur.

Ayrıca, klublara son 10 ildəki sıralamalarına görə də mükafat veriləcək. Çempionlar Liqasının iştirakçıları üçün bu ödəmələrin ümumi fondu 585 milyon avrodur. Belə ki, ən aşağı mövqedə olan komanda 1,108 milyon avro, birinci sırada qərarlaşan komanda isə 35,46 milyon avro qazanacaq. Avropa Liqasında oynayan komandalar üçün isə ümumi mükafat fondu 84 milyon avrodur. Ən aşağı reytinqli komanda 71,430 min avro, ən yüksək reytinqə sahib olan komanda isə 3,42 milyon avro alacaq.

Xəbər 432 dəfə oxundu.