Kobi Brayantın meydana çıxdığı parketin bir hissəsi hərracda satılıb
İdman aləmində elə əfsanələr var ki, onların xatirələri heç vaxt insanların yaddaşından silinməyəcək. Belə əfsanələrdən biri də Kobi Brayantdır. İlin əvvəlində helikopter qəzası nəticəsində həlak olan məşhur basketbolçunun xatirəsi hələ də amerikalılar tərəfindən əbədiləşdirilir. Kobiyə məxsus əşyalar hərraca çıxarılır. Hətta ona məxsus olmayanlar da.

2016-cı il aprelin 13-də MBA-da sonuncu oyununa çıxan Kobi Brayantın meydanda olduğu vaxt qədəm basdığı parketin bir parçası hərracda 631 min 200 dollara satılıb. Bu barədə Amerika mətbuatı məlumat yayıb. Hərracdan əldə olunan gəlirin 10 faizi xeyriyyəyə sərf ediləcək.

Qeyd edək ki, “Leykers”in əfsanəvi lideri 2015-ci ilin noyabrında mövsümün sonunda karyerasını bitirəcəyini açıqlamışdı. Müntəzəm çempionatda komandasının son oyununda Los-Ancelesin məşhur “Stepls” arenasında “Yuta Cazz”la oyunda Brayant 60 xal toplamışdı. Oyundan sonra parketdə 8 və 24 rəqəmləri əks edilib. Səkkiz rəqəminin içində olan hissəyə də Kobi öz adını yazıb. Hərracda da məhz həmin hissə satılıb.

Xatırladaq ki, Brayant bu il yanvarın 26-da Kaliforniyada helikopter qəzası nəticəsində həlak olub. Helikopterdə onunla yanaşı, 13 yaşı qızı və daha 7 nəfər qəzanın qurbanı olub.

Xəbər 415 dəfə oxundu.