“Sumqayıt” məşqlərini davam etdirir
2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqlərini davam etdirir. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səhər saatlarında dəniz kənarında fiziki hazırlıq üzərində çalışan komanda saat 11:30-da stadionda məşqə çıxıb.

Zədəli Bəxtiyar Həsənalızadə və Taner Taktak fərdi məşqlərlə kifayətlənir. Yeni transfer Pərdis Fərcad-Azad isə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Hazırda U-19-un heyətində təlim-məşq toplanışında olan Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov hazırlıq prosesinə nisbətən gec qoşulacaq.

Xatırladaq ki, “Sumqayıt” sabah saat 18:00-da Mehdi Hüseynzadə adına stadionda “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirəcək.

Xəbər 1008 dəfə oxundu.