“İnter” sınayır
Ötən mövsüm turnir cədvəlini 3-cü yerdə başa vuran “İnter”in əvəzedici komandası növbəti mövsümə hazırlaşmağa başlayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadın məlumatına görə, iyunun 11-dən 23-dək Tofiq Mustafayevin yetirmələri Bakıda məşq ediblər.

Mustafayevin sözünə görə, həmin müddətdə xeyli futbolçunu sınayıb: “Bakıdakı təlim-məşq toplanışımız müddətində istər “İnter”in Uşaq Gənclər Futbol Məktəbindən, istərsə də digər klublardan təqribən 30 yeni futbolçu baxışda oldu. Zabrat stadionunda da, dəniz sahilində də məşq etdik”.

İyunun 23-dən iyulun 2-dək “İnter”in əvəzedici heyəti Qusarda hazırlıq prosesində olub. 10 gün davam edən toplanış fiziki məşğələlər və komandanın 2:0 hesablı qələbəsi ilə başa çatan I liqa təmsilçisi “Şahdağ”la yoxlama matçından ibarət olub.

Bakıya qayıtdıqdan sonra iyulun 5-də yenidən bir araya gələn “İnter” məşq prosesini bərpa edib və toplanış ayın 13-dək davam edəcək.

İyulun 11-də “İnter” I liqanın təmsilçisi “Neftçala” ilə yoxlama matçı keçirəcək. Bundan 2 gün sonra axırıncı təlim-məşq toplanışını keçirmək məqsədilə “İnter” yenidən Qusara yollanacaq. Mustafayev bildirib ki, burada yeni mövsümə hazırlığı başa vurmağı planlaşdırırlar: “Bu toplanışda taktiki məsələlərə daha çox diqqət ayıracağıq. Bununla da yeni mövsümə hazırlığımızı yekunlaşdıracağıq”.

Xəbər 916 dəfə oxundu.