Gənclər və İdman naziri Ermənistanın təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlara məktub göndərib
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov xarici ölkələrin gənclər və idman sahələrinə məsul nazirliklərinə, beynəlxalq təşkilatlara və digər aidiyyəti qurumlara Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı məktub göndərib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən azsport.az saytına bildiriblər ki, məktubda Ermənistanın Azərbaycana qarşı otuz ildir davam edən silahlı təcavüzü nəticəsində ölkəmizin ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğal edildiyi, 20 min azərbaycanlının həlak olduğu, 50 min insanın yaralandığı və müxtəlif dərəcəli xəsarətlər aldığı, 5 mindən artıq azərbaycanlının əsir və itkin düşdüyü vurğulanıb.

Həmçinin məktubda Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan torpaqlarında həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki mülki əhalini və hərbi mövqeləri davamlı olaraq hədəfə alması, nəticədə yüzlərlə vətəndaşımızın öldürülməsi və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması əksini tapıb.

Məktubda 1992-ci ilin fevralında Ermənistan ordusu tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da məlumat verilib. Ermənistanın Cenevrə Konvensiyasını, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozması xüsusilə diqqətə çatdırılıb.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin mühüm məqamlarını özündə əks etdirəm məktubda sentyabrın 27-də səhər saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutduğu bildirilib. Qeyd olunub ki, nəticədə Naftalan rayonunun Qaşaltı kənd sakini Elbrus Qurbanov və onun ailəsinin dörd üzvü olmaqla, ümumilikdə 20-dək mülki şəxs, o cümlədən uşaqlar həlak olub, onlarla mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Mülki şəxslər arasında itkilərin sayının hər gün artdığı diqqətə çatdırılıb.

Xəbər 665 dəfə oxundu.