Dünya Kubokunun iştirakçıları "Bakı"da
FİFA U-17 qadınlararası dünya çempionatının Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi iştirakçı komandalarının nümayəndələri üçün "Bakı" klubunun bazası ilə tanışlıq xarakterli ziyarət təşkil edib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin təlim-məşq bazası da mundial iştirakçılarının ixtiyarına veriləcək.

Onlar “Bakı”nın bazasında məşq edəcəklər. Püşkatma üçün paytaxtımıza gələn 16 yığmanın nümayəndələrinin səfəri baza ilə yaxından tanış olmaq, infrastruktur və aparılan işləri yerində izləmək məqsədi daşıyırdı.

Fərəhlidir ki, "Bakı"nın bazasını gəzib-dolaşan nümayəndələr klub infrastrukturunu ən yüksək qiymətə layiq görüblər. Onlar burada gördüklərindən məmnun qaldıqlarını, bazanın ən müasir tələblərə cavab verən dünya səviyyəli idman kompleksi kimi dəyərləndiriblər.

Qeyd edək ki, ölkəmizdəki dünya çempionatı bu ilin sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək. Oyunlar Bakı və Lənkəranda ümumilikdə 6 stadionda baş tutacaq.

Xəbər 1004 dəfə oxundu.