Gənclər və idman nazirliyindən bəyanat
Sentyabrın 27-də saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Ölkə başçısı, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı əsgərlərimiz dərhal genişmiqyaslı əks hücum əməliyyatlarına başlamışdır. Düşmən qısa müddət ərzində layiqli cavabını almış, böyük itkilər vermişdir. Azərbaycan ordusu 7 kəndimizi, Murov dağı silsiləsindəki Murov zirvəsi və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyi işğalçı qüvvələrdən təmizləyib.

Ordumuzun zəfərlərindən qürur duyaraq, uzun illərdi bütün sahələrdə aktiv iştirak edən gənclərimiz, saysız-hesabsız beynəlxalq yarışlarda qələbələr qazanıb, bayrağımızı yüksəldərək himnimizi səsləndirən idmançılarımız adından bildiririk ki, biz hər zaman olduğu kimi prezdient İlham Əliyevin siyasətini dəstəkləyirik. Hər bir gəncimiz, yaşından asılı olmayaraq idman ictimaiyyətinin hər bir üzvü ali baş komandanın ətrafında sıx birləşib. İstənilən an ordumuza qoşulmağa, ön cəbhədə döyüşməyə hazırdır.

“Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!”. Ali baş komandanın bu sözü hər bir azərbaycanlının hədəfi, amalı, arzusudur

Xəbər 526 dəfə oxundu.