Tokio Olimpiya Oyunlarının məşəl estafeti martın 25-də Fukuşimada başlayacaq
Tokio Olimpiya Oyunlarının məşəl estafeti 2021-ci il martın 25-də Fukuşima prefekturasında başlayacaq. Bu, koronavirus pandemiyasına görə Oyunların təxirə salınmasından əvvəl tərtib edilən plana uyğundur.

Bu barədə sentyabrın 28-də Olimpiya Oyunlarının təşkilat komitəsi məlumat yayıb.

Plana əsasən, J-Village futbol təlimi mərkəzində başlayacaq estafetin 121 gün davam edəcəyi və Yaponiyanın 47 prefekturasından keçəcəyi bildirilir. Qeyd edilir ki, əvvəlki cədvəl gələn il keçiriləcək Oyunların təqviminə uyğun olaraq yalnız bir gün fərqi ilə dəyişiklik edilərək saxlanılıb.
Qeyd edək ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.
Təşkilatçıların bildirdiyinə görə, ümummilli estafetdə əvvəlcədən seçilmiş təqribən 10 min nəfər iştirak edəcək. Prinsip etibarilə yerli marşrutlara və tədbirlərə əməl olunacağını qeyd edən təşkilat komitəsi yalnız hər bir regionun statusu nəzərə alınmaqla bəzi dəyişikliklərin aparılmasını nəzərdə tuturdu. Belə ki, təşkilatçılar xərcləri azaltmaq məqsədilə məşəl estafetinin cədvəlini qısaltmaq istəsələr də, yerli hakimiyyət orqanlarının bu məsələdə nümayiş etdirdiyi kəskin narazılıq onları bu ideyadan imtina etməyə məcbur edib.
Nəticədə yalnız estafeti müşayiət edəcək avtomobillərin və şəxsi heyətin sayının azaldılması qərara alınıb.

Xatırladaq ki, Olimpiya alovu cari ilin əvvəllərində Yunanıstan Olimpiya kəndindən götürülərək Oyunların vaxtının dəyişdirilməsi barədə qərarın qəbulundan dörd gün əvvəl Yaponiyaya gətirilib.
Həmin vaxtdan etibarən məşəl təşkilatçı ölkədə saxlanılır. Hazırda məşəl Tokionun mərkəzində yerləşən Yaponiya Olimpiya Muzeyində ictimaiyyətə təqdim olunur. Həmin tədbirin noyabrın 1-də başa çatacağı qeyd edilir.

AZƏRTAC

Xəbər 433 dəfə oxundu.