Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə onlayn respublika şahmat turniri keçiriləcək
Oktyabrın 3-4-də Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək.

www.chess.com internet portalı üzərindən keçiriləcək turnir seçmə və final mərhələlərindən ibarət olacaq. Seçmə mərhələdə beynəlxalq reytinqi 1799-dək olan şahmatçılar iştirak edəcəklər. Bu mərhələdə ilk 30 yeri tutan şahmatçı final mərhələsinə vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 1800-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində mübarizə aparacaq.

Respublika şahmat turnirində ümumi hesabda ilk üç yeri tutmuş şahmatçılar “Təhsil” RİM-in müvafiq dərəcəli diplom və medalları, birinci yeri tutmuş şahmatçılar isə əlavə olaraq kubok ilə mükafatlandırılacaqlar.

Bundan əlavə, ən yüksək nəticə göstərmiş 3 qız şahmatçı və 12 yaşadək şahmatçılar arasında ilk üç yeri tutan idmançılar müvafiq dərəcəli diplom və medalla təltif olunacaqlar.

Xəbər 427 dəfə oxundu.