Olimpiyaçılarımızın Sidney uğurlarının 20-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə birgə Sidney uğurlarımızın 20 illiyinə həsr olunmuş video-konfrans təşkil edib. Konfrans Olimpiya çempionlarımız Namiq Abdullayev və Zemfira Meftəhəddinovanın, eləcə də Olimpiya mükafatçısı Vüqar Ələkbərovun Sidney zəfərlərinin 20-ci ildönümünə həsr olunub.

Videokonfransı giriş sözü ilə açan AİJF prezidenti Qabil Mehdiyev qeyd edib ki, hər iki olimpiya çempionumuz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunlarıdır.

Sonra həmin tarixi anları əks etdirən video-çarx nümayiş etdirilib. Ardınca çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev idmançıları tarixi uğurlarının 20-ci ildönümü münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. F.Hacıyev qeyd edib ki, müstəqil ölkəmizin Olimpiya uğurlarının başlanğıcı olan Sidney qələbələrimiz 2000-ci ildə Azərbaycanın adını dünyada daha da tanıtdı. Ulu öndərimiz Heydər Əliyev olimpiyaçılarımızın uğurlarını yüksək qiymətləndirdi. Milli Olimpiya Komitəsinin rəhbəri, bu gün ölkə prezidenti olaraq idmana xüsusi diqqət göstərən İlham Əliyevi daim idmançılarımızın yanında olduğunu qeyd edən rektor 20-ci ildönümü münasibətilə hər üç idmançımıza Akademiyanın plaketini və xatirə hədiyyəsini təqdim edib.

Konfransda çıxış edən Olimpiya çempionlarımız Zemfira Meftəhəddinova, Namiq Abdullayev, eləcə də olimpiya mükafatçımız Vüqar Ələkbərov həmin tarixi anları yenidən xatırlayaraq öz xatirələrini bölüşüblər. Hər biri Sidney uğurlarının 20-ci ildönümündə onları virtual olaraq bir yerə topladığı üçün və xatirə hədiyyələrinə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Konfransda daha bir Olimpiya çempionumuz, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Milli Olimpiya Komitəsinin departament rəhbəri Mehman Kərimov çıxış edərək Azərbaycanın Sidney-2000 uğurları barədə xatirələrini danışdılar və bu tarixi hadisənin qəhrəmanlarını bir daha təbrik ediblər.

Xəbər 489 dəfə oxundu.