Atletika üzrə Bakı çempionatına start verilib
Sentyabrın 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatına start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə təşkil olunan yarışda qızlar və oğlanlar iştirak edirlər. Yarışda 8 komandadan 90-a yaxın atlet birincilik uğrunda mübarizə aparır.

Yarışın birinci günündə oğlanlar arasında üçtəkanla tullanmada Rüstəm Məmmədov, nüvəitələmədə Ruslan Məlikov və nizəatma yarışında isə Tofiq Məmmədov qalib adını qazanıblar. Qızların yarışında isə üçtəkanla tullanmada Yekaterina Sarıyeva, nüvəitələmədə Günel Hüseynova və nizəatmada isə Aysel Rəhimli birinci yerə layiq görülüb.

Oğlanlar arasında qaçış yarışlarında Teymur Salahzadə (100 metr), Əlhəm Nağıyev (400 metr) və Elman Abışov (1500 metr) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 metr), Bibixanım Qəmbərova (400 metr) və Cəmilə Xudazadə (1500 metr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Xəbər 509 dəfə oxundu.