Xüsusi olimpiyaçılar arasında yarışlar və məşqlər davam edir
Pandemiya dövrünün çətinliklərindən biri də idman yarışlarının təşkili və məşqlərin keçirilməsidir. Azərbaycanda artıq açıq havada yarışların və məşqlərin keçirilməsinə icazənin verilməsi bu sahədə fəaliyyətin bərpası üçün geniş imkanlar yaradıb. Həssas qruplardan olan əqli cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar arasında da açıq havada bir sıra tədbirlərin, yarışların, eləcə də məşqlərin təşkili təqdirəlayiqdir.

Xüsusi olimpiyaçılar arasında təşkil olunan turnirlərdə əksəriyyəti dövlət uşaq müəssisələrindən, habelə sosial müəssisələrdən, inklüziv orta məktəblərin məzunlarından, fərqli sahələrə aid məşq prosesinə cəlb olunmuş şəxslərdən ibarət komandalar mübarizə aparır. Yarışlarda sağlamlıq imkanları məhdud idmançılarla birgə sağlam idmançıların da mübarizə aparmaları onun əhəmiyyətliliyini daha da artırır.

Pandemiya dövründə Xüsusi Olimpiya proqramına uyğun olaraq ilk yarış sentyabrın 3-də atletika üzrə keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan yarışda 80-dən idmançı iştirak edib. Daha sonra həndbol, qızlar arasında “Futbol həftəsi”, Ümumdünya Sülh Gününə və Yunis Kennedi Şrayver Gününə həsr olunmuş futbol turnirləri, eləcə də badminton, üzgüçülük, stolüstü tennis yarışları keçirilib. Turnirlərin oktyabrın 15-dək davam etdirilməsi nəzərdə tutulub.

Bu cür yarışların təşkilində əsas məqsəd xüsusi olimpiyaçıların məhz böyük idmanla deyil, kütləvi idmanla məşğul olmasını təmin etməkdir. Heç də təsadüfi deyil ki, xüsusi Olimpiya hərəkatının devizi “Mənə imkan verin, mübarizə aparıb qalib gəlim. Qalib gələ bilməsəm də hər yarışdan sonra cəsarətli olum” fikridir. Ona görə də xüsusi olimpiyaçıların iştirakı ilə keçirilən yarışlarda nəticə deyil, onların iştirakı əsas götürülür. Onların idmana, Xüsusi Olimpiya hərəkatına marağının artırılması, bədən tərbiyəsi və idmana cəlb edilməsi ilə cəmiyyətə inteqrasiyası daha da sürətlənir.

Yarışlarla yanaşı, məşqlərin təşkili də xüsusilə diqqət mərkəzindədir. Belə ki, Bakı və Abşeron yarımadasından başqa, regionlarda da açıq havada məşqlərin keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Bunun üçün paytaxt Bakı şəhərində və digər regional proqramlarda xüsusi, yardımçı məktəb və internatların nəzdində komitənin ilkin təşkilatları olan adaptiv fiziki tərbiyə və idman klubları öz fəaliyyətlərini genişləndirirlər.

Yerlərdə regional yarışların keçirilməsi, yığma komandaların formalaşdırılması, onların respublika yarışlarında iştirakı üçün də zəmin yaradılır. Onu da qeyd edək ki, regional proqramların fəaliyyəti bu sahənin inkişafına xüsusi təkan verir. Gəncə, Şəki, Quba, Lənkəran, Göyçay, Salyan regional proqramından başqa, komitənin ailə proqramı layihəsi çərçivəsində 440 ailə və onların üzvləri Xüsusi Olimpiya hərəkatına cəlb olunub. Bu layihə ailələrdə olan atletlərin xüsusi olimpiya hərəkatına cəlb olunmasını həyata keçirir. Ailə proqramının tərkibində 3-7 yaşlı gənc atletlərin cəlb olunmasını həyata keçirən “Gənc atletlər” layihəsi məktəbəqədər yaşlı əqli imkanları məhdud olan uşaqların hazırlığını təmin edir ki, onlar da ehtiyat qüvvəsi hesab olunurlar.

Açıq havada yarışlar və məşqlərdə iştirak edən xüsusi olimpiyaçılar hazırlıqlarını uğurla davam etdirirlər. Komandaların hazırlığı karantin qaydalarına tam əməl olunmaqla həyata keçirilir.

Xəbər 415 dəfə oxundu.