Yenə və yalnız “Qarabağ"la
Qrup mərhələsi bu dəfə çətin vəzifə olacaq

Azərbaycan klublarının avrokuboklardakı yolu yenə pley-off ərəfəsi bir komandaya qədər seyrələrək daraldı. Yenə ümid "Qarabağ"a qaldı. Üstəlik, "Qarabağ" bu dəfə də ümidləri Avropa liqasındakı mübarizəyə saxladı. Ötən oyun günündə itirilən klub "Neftçi" oldu.

Azərbaycanda çox məşhur olan və azarkeş ordusuna sahib Türkiyə "Qalatasaray"ı ilə dueldə "Neftçi"nin çox da şansı yox idi. Lakin "ümid sonuncu ölər" prinsipi ilə gözlər daha çox tarixə köklənmişdi. Bunun da ilğım olacağı və günlə səsləşməyən bir nağıl, istək, həvəs olduğu da aydın idi. Axı, ədalət də var.

Əlbəttə, 90-cı illərə qədərki dövr olsaydı, "Neftçi" Türkiyə klubları ilə müqayisədə favoritlərdən sayılardı. Amma zaman sürətlə dəyişir və 80-ci illərin sonundan yeni formul ilə addım-addım irəliləyən Türkiyə futbolu elə həmin 90-cı illərdə və estafeti alman mütəxəssislərdən alan Fatih Terim kimi mütəxəssislə böyük yola çıxdı. Digər məşqçilərin də mərhələ ilə söz sahibi olduğu bu yolda "Qalatasaray" Türkiyəyə bugünəqədərki ən böyük tarixi uğuru elə "Neftçi" ilə qarşılaşdığı yarış çərçivəsində gətirdi. Sonra yüksəliş milli komanda səviyyəsinə də sıçradı və yetişən futbolçular nəsli Türkiyə futbolunu Azərbaycan azarkeşinə də sevdirdi.

Əslində, "Neftçi"nin tarixi ənənələr hirsi ilə bu oyuna çıxması da gözlənilən bir şey deyildi. Komandanın istər Avrokubok, istərsə də milli futbol çempionatında kollektivin bütün yetərsizlikləri "Cim-bom"la matçda da əyani üzə çıxdı. Komandanın müdafiəsində nə baş verirdisə, anlaşılan deyildi. Bu komandada məşqçinin özünün də bir qəti fikir sahibi olmadığı açıq hiss olunur. Onun bitmiş fikrinə çox böyük ehtiyac var. Əslində, "Qalatasaray" qələbəsinin təməlini qoyan qapıçı səhvinin də qaynağı buradandır.

"Qarabağ" da "Mölde" ilə oyunda əvvəlki illərin ssenarisinə qayıtdı. Avropa mövsümünə ümidlə başlayan komanda daha sonra dərin uçurum ab-havası ilə matçdan-matça aşağı doğru yol alır. Bu dəfə də 90 deyil, hətta 120 dəqiqə ərzində rəqibindən üstün olan, epizodları bir-bir xərcləyən klub, əslində, meydanda özünə yer tapa bilmir, buna görə də toparlana bilmirdi.

Qarşılaşmanın ən ağrılı nəticəsi odur ki, Ağdam klubu faktiki olaraq özü özünə uduzdu. Ucalıqlara qaldırılıb ardınca oradan danlaqla endirilən Mahirin, deyəsən, elə özü də buna alışmağa başlayıb və həm də bu onun futbolçu xarakterinə hopub. Bir maraqlı və vüsətli oyun effektindən sonra o, sanki ulduzlaşmış kimi ən bərbad hazırlıq nümayiş etdirir. Lakin "Qarabağ"ın dərdi vaxtında tam və yetkin transferlər etməməsidir. Bunu pandemiyalı maliyyə vəziyyətinə bağlamaq artıq inandırıcı görünmür. Axı, əvvəlki illərdə də belə idi. Əlbəttə, milli futbolun zəif olması və bu heyətin də qələbələrə yetməsinin təsirindən danışmaq mümkündür. Fəqət böyüməyi düşünən və brendə çevrilməyi qarşısına vəzifə qoyan kollektiv heç bir şərt və şəraitə boyun əymədən öz yolu ilə getməlidir. Futbolçu yetişdirməyi də tam mənimsəməyən bir komanda əcnəbi transferlərində xüsusi diqqətli olmalıdır. Ən azı, komanda daxilində rəqabət baxımından bu yanaşma daha çox fayda verə, futbolçu yetişdirməkdən digər rəqiblərin də ardınca gəlməsinə şərait yarada və ən nəhayət, bunun biznes-marketinq inkanlarından faydalana bilər.

Oyuna nəzər salsaq, görüşün əvvəli ənənəvi erkən qolla nəticələnmədiyi üçün, "Qarabağ"ın hər an üçün "B" planı işə düşməli idi. Amma nə elə oldu, nə də belə. Əslində, komandanın üstünlüyü, sadəcə, mövqe baxımından idi və bu səbəbdən hiss olunan və əsaslı təsiri bağışlayırdı. Amma bu göz aldadan, yanıldıcı və ötəri üstünlük idi. Bütün oyun boyu əldən verilən qol epizodlarının hər birində bir qığılcımlı istəyin görünməməsi bunun bariz nümunəsidir. Sanki Ağdam klubunda elə bir güman var idi ki, rəqiblə arasında fərq hədsiz böyükdür və elə bil "Qarabağ" istənilən halda lazım olan qolu vuracaq. Hətta qapısına penalti "qazanan" Azərbaycan çempionu qalan dəqiqələrdə də ayılmadı və yekun bəxt zərbələrində haradasa haqlı olaraq cəzalandı.

Növbəti rəqib Polşada məlum olacaq. "Qarabağ" bu il ən mürəkkəb matçlarından birini keçirmək üçün ya elə həmin Polşaya, ya da möhkəmlik sınaqlarında bişməkdə olan Kosovoya yollanacaq. İndidən bu mərhələ şanslarından danışmaq çox erkəndir. Amma təhlükə real olmağa başlayıb. "Qarabağ" qarşıdakı günlərdə ideya olaraq toparlanmalıdır.

BATI YAR

Xəbər 465 dəfə oxundu.