AMADA steroidlərlə bağlı sorğunun nəticəsini açıqladı
Sentyabrın 24-də cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, TƏBİB-in stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva və Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev iştirak ediblər.

Bildirilib ki, hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Steroidlərdən geniş yayılmasının əsas səbəbi istifadəçilərin qısa müddətdə istədikləri bədən quruluşuna sahib olmaq arzusudur. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdırlar. Steroidlərdən mütəmadi istifadə ürək tutulması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması və digər bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır.

Qeyd edək ki, AMADA-nın yaradılması ilə ölkədə peşəkar idmanda daimi dopinq nəzarətinin aparılması təmin edilib. Lakin, aparılan araşdırmalar və dünyada baş verən hadisələr göstərir ki, steroidlərdən istifadə ümumilikdə idman sahəsindən kənar çıxaraq ictimai xarakter alıb və artıq bütövlükdə cəmiyyət üçün təhlükə yaradır.

Ölkədə aidiyyəti dövlət qurumları belə hallarla mübarizəni mütəmadi olaraq həyata keçirir. Bu istiqamətdə AMADA Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Problemin miqyasını və aktuallığını nəzərə alaraq ictimaiyyətin bu mübarizəyə aktiv qoşulması vacibdir. Steroidlərin istifadəsinin fəsadları ilə bağlı maarifləndirmə işində, onun qanunsuz dövriyyəsi və satışı hallarının aşkarlanmasında ictimaiyyət nümayəndələrinin, o cümlədən də kütləvi informasiya vasitələrinin geniş imkanları var. İctimaiyyətin bu cür məsələlər üzrə məlumat əldə etdikləri zamanı, hüquq mühafizə orqanlarına, əlavə olaraq idmanla bağlı olduqda isə həmçinin AMADA-ya məlumat bildirmələri bu mübarizəyə böyük töhfə verə bilər. Sağlam cəmiyyət və sağlam gələcək üçün bu mübarizədə bütün səylərin birləşdirilməsi vacibdir.

Xəbər 424 dəfə oxundu.