Bakıda Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyaları prezidentlərinin toplantısı keçirilir

İyulun 6-da Gənclər və İdman Nazirliyində Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyası prezidentlərinin toplantısı işə başlayıb.
Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələrinin iştirak etdikləri tədbiri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açaraq respublikada həyata keçirilən uğurlu idman siyasəti barədə ətraflı məlumat verib.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edən nazir müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən müasir idman kompleksləri məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idmanın inkişafı ilə bağlı göstəriş və tapşırıqları bu gün bəhrəsini verir. Azərbaycanın ən ucqar bölgələrində belə istifadəyə verilmiş idman-sağlamlıq kompleksləri beynəlxalq yarışlarda ölkəmizin adını ucaldan idmançılarımızın uğurlarını təmin edir.
Azərbaycanda dövlət tərəfindən idmana yüksək diqqət göstərildiyini vurğulayan İ.İsmayılov demişdir ki, Prezident İlham Əliyevin London Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızla görüşü bunun bariz nümunəsidir. Məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə hər il 50-dək mötəbər beynəlxalq idman yarışları keçirilir.
2010-cu ilin mart ayında Türkiyənin Ankara şəhərində türkdilli ölkələrinin universitet idman federasiyalarının toplantısında Azərbaycan nümayəndələri də iştirak ediblər. Toplantının qərarına əsasən, ilk dəfə olaraq Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyası yaradılıb. Azərbaycan idmançıları 2010-cu ilin oktyabr ayında Federasiyanın təşkilatçılığı ilə Ankarada türkdilli dövlətlərin tələbələri arasında keçirilmiş I İdman Oyunlarında 5 idman növündə iştirak ediblər.
Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyasının prezidenti, professor Kemal Tamer gəncləri bir araya gətirmək baxımından tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu toplantı türkdilli dövlətlərin universitetlərinin idman federasiyaları arasında əlaqələri genişləndirəcək.
Tədbirdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyaları prezidentlərinin toplantısı iyulun 8-dək davam edəcək.

Xəbər 1555 dəfə oxundu.