Bakıda Olimpiya muzeyi də inşa ediləcək
Bu il daha iki olimpiya idman kompleksi istifadəyə veriləcək
İyulun 4-də gənclər və idman naziri Azad Rəhimov jurnalistlərlə görüşüb. Həmişəkindən fərqli olaraq, bu dəfə dəyirmi masa ətrafında media nümayəndələri ilə söhbət edən nazir ilk olaraq, Azərbaycan idmançılarının London olimpiadasına hazırlığı və təşkilari işlər barədə məlumat verib.
Nazir London Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində komandamızın tərkibində hansı idmançının bayraqdar olacağı məsələsinə də aydınlıq gətirib: “İdmançılar arasında belə bir inanc var ki, bayrağı aparan heç vaxt medal qazanmır. Ancaq olimpiya çempionu Elnur Məmmədli özünə əmin olduğunu bildirib. Buna görə də onun bayraqdar olacağı gözlənilir”.
Yeni inşa edilən idman komplekslərinin Azərbaycan gənclərinin fiziki hazırlıq səviyyəsinin yüksəlməsindəki rolunu və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini vurğulayan nazir bildirib ki, bu ilin avqustunda Cəlilabad rayonunda, ilin sonunda isə Qubustan şəhərində yeni olimpiya idman kompleksləri istifadəyə veriləcək.
Bakıda boks və cüdo komplekslərinin, eləcə də böyük üzgüçülük mərkəzinin və olimpiya muzüyinin tikiləcəyini bildirən nazir onu da diqqətə çatdırıb ki, yaxın günlərdə Binəqədi rayonunun Xocasən qəsəbəsində stadion istifadəyə veriləcək.

Xəbər 1751 dəfə oxundu.