Futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun təqvimi açıqlanıb
Sentyabrın 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun təqvimi açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura oktyabrın 2-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Keşlə” oyunu ilə start veriləcək. Görüş saat 18:00-da başlayacaq.

Turun növbəti iki matçı oktyabrın 3-də baş tutacaq. Qəbələ şəhər stadionunda “Qəbələ” komandası “Sumqayıt” klubunu qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.

Günün ikinci görüşü isə Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Neftçi” komandaları arasında təşkil olunacaq. Oyun saat 19:15-də start götürəcək.

Turun sonuncu oyunu oktyabrın 4-də baş tutacaq. Son çempion “Qarabağ” öz meydanında autsayder “Səbail” komandasını qəbul edəcək. “Azersun Arena”da təşkil olunacaq görüşdə hakimin start fiti saat 19:00-da səslənəcək.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Üç turdan sonra “Sabah”, “Sumqayıt” və “Neftçi” klublarının 6 xalı var. “Qarabağ” və “Zirə” komandaları aktivlərinə 4 xal yazdırıblar. İki xalı olan “Qəbələ” yeddinci yerdədir. Keçirdiyi hər üç görüşdə uduzan “Səbail” isə sonuncu – səkkizinci pillədə qərarlaşıb.

Xəbər 558 dəfə oxundu.