Yeni mövsüm ərəfəsində diqqətdə saxlanmalı məqamlar
İcmalçının qeyd dəftərindən

Sabah yeni mövsümün püşkü atılacaq

Dünəndən ölkəmizdə ikinci dəfə idman yarışlarının başlanmasına şərait yaradıldı. Bunun nə qədər davam edəcəyi məlum deyil. İstənilən halda, həm məşqlər, həm də yarışlar tamamilə fərqli şəraitdədir və deməli, fərqli şərtlər daxilində keçirilməlidir. Bunun üçün hər növün xüsusiyyətləri nəzərə alınmaqla, metodiki göstəriş və yaxud buna bənzər qaydalar təsis olunmalıdır. Hələ iyun ayının əvvəlində PFL-in ötən futbol mövsümünün son turları üçün qaydalar hazırlaması da çox uzaq keçmişin qərarı deyil. Fəqət yeni mövsüm üçün həmin tələblərə bir daha göz gəzdirilməlidir.

Əlbəttə, ilk növbədə, idmançıların xüsusi şəraitlə barışaraq, daha nizam-intizamlı olması vacibdir. Bunun üçün dünya idmanının təcrübəsinə də baxmaq yetərlidir. Bəli, indi dünya idmanı yeni növ koronavirus - COVID-19 pandemiyasının təsirlərinə uyğunlaşmaqdadır. Müxtəlif yarışların təşkilatçıları çıxış yolları arayır və şəraitə görə qərarlar verirlər. Ötən müddətdə yarışların dayandırılması, ləğv edilməsi də olub, tamaşaçısız və ya qismən doldurulmuş tribunalarla davam etdirilməsini gördük. Maska taxmaq, sosial məsafə qorumaq və s. kimi metodiki göstərişlər də tətbiq olundu.

Okeanın o tayında məşhur basketbol və hokkey yarışlarının bərpası üçün uzun araşdırmalar aparıldı, mövsümlərin daha münbit məkanlarda davam etdirilməsi qərarları verildi.

Növlər üzrə milli yarışlarla bağlı hər ölkənin özünün yerli şəraitinə uyğun qərarlar verilir. Bu arada yeni başlayan və uzun fasilədən sonra bərpa olunan turnirlər idman dünyasının koronavirus mübarizəsində vəziyyətə uyğunlaşmaq üçün cəhdlərinin başlanğıcıdır. Amma axtarışlar müharibə şəraitində hələ də davam etdrilir, qərarlar verilir, dəyişikliklər edilir, təkmilləşdirilir.

Futbolla bağlı məqamlar daha çox diqqət çəkir. AFFA, PFL və klublar iki fərqli durumu - beynəlxalq və yerli yarış xüsusiyyətlərini nəzərə almalıdırlar. Axı, hər iki müstəvidə əsas yarış məsələlərinə artıq aydınlıq gətirilib. Beynəlxalq yarışlar məlumdur. Hələ iyulun 30-da AFFA İcraiyyə Komitəsinin yaratdığı işçi qrup, Nazirlər Kabinetinin müvafiq qərarını da nəzərə alaraq, 2020-21-ci illər mövsümünü avqustun 21-də başlamaq qərarını tövsiyə etmişdi. Buna uyğun olaraq, sabah PFL Premyer liqa və ölkə kuboku yarışlarının püşkünü atacaq. Əlavə olaraq mövsümün transfer pəncərələri bəllidir: yay üşün oktyabrın 5-dək, qış dövrü üçün gələn il yanvarın 10-dan fevralın 10-dək. Məşqlər və sparrinqlər Qəbəblə və Şamaxıda başlamaqla, Bakıda davam edir.

İndi dünya təcrübəsi çox vacibdir. Bundan bəhs edərkən, "İdman" qəzetinin səhifələrindəki koronavirus gündəliklərimizdə mövzu ətrafında nümunələrdən çox bəhs etmişik. Bu xüsusda son iki həftə ərzində dünyada ən maraqlı qərar və hadisələrinin xronikasına ayrıca diqqət edək.

Rusiyada koronavirusla bağlı məsələr ətrafında nizamlayıcı qərarları verən avqustun 6-da "Rospotrebnadzor" hokkeydə hər 5 gündən bir bütün heyətin test verməli olduğunu göstərib. Rusiya futbol Premyer liqasında isə karantin müddətinin 14 gündən 7 günə endirilməsinə razılıq verməyib. Ən əsası, koronavirusa görə oyunlar təxirə salınmayacaq, lakin iki texniki məğlubiyyətə görə klublar yarışdan təcrid edilməyəcək. Bu qaydalar yeni mövsüm ərəfəsində klublarımız üçün də vacibdir. Bilirik ki, Azərbaycan futbolçuları idman nizam-intizamı ilə seçilmir, əyləncəli həyatdan da çox xali deyillər. Lakin koronaviruslu günlərdə futbolçuların kütləvi toplaşmaması, əyləncə mərkəzlərindən soraqlarının gəlməməsi çox vacibdir. Çünki bir nəfərin cüzi səhlənkarlığı bütün komandanı zərbə altında qoyacaq.

Rusiyada iyulun 31-də verilmiş başqa maraqlı qərarla Premyer liqada məşqçilərə oyun zamanı maska taxmamağa icazə verilib. Maska taxmaq buna qədər məcburi idi və cərimə tətbiq edilirdi. Bunu da əhəmiyyəti və fərqinə varmaq lazımdır.
İngiltərədə də iki maraqlı qərarı diqqətə çatdıraq: avqustun 2-də qəsdən rəqibin və hakimin üzərinə asqıran futbolçunun meydandan qovulması barədə qərar qəbul edilib. Ayın 6-da isə Premyer liqa klubları yeni mövsümdə 5 əvəzləmə qaydasının tətbiq edilməməsinə səs veriblər. Məncə, hər iki qərar futbolumuz üçün əhəmiyyətli sayıla bilər.

Almaniyada isə klublar avqustun 4-də yeni mövsümdə azarkeşlərin stadionlara buraxılmasına səs veriblər. Yarış sentyabrın 18-i başlanır. Lakin son qərarı federal hakimiyyət orqanları verəcək. Məlumdur ki, Azərbaycanda vəziyyət Nazirlər Kabineti yanında Operativ Qərargah yerli vəziyyəti öyrənərək verir. Ümid edək ki, ölkədə epidemik vəziyyət həmin an üçün münbit olacaq. Hərçənd milli çempionatın elə də baxılan bir yarış olduğunu söyləmək də çətindir. Hər halda reklam lövhələrinə dəyən top səslərindənsə bir neçə azarkeşin səsi daha cəlbedicidir.

Əlbəttə, Avropa yarışlarında çıxış edən klublarımız üçün bir vacib qərarı açıqlayaq: UEFA avqustun 4-də verdyi qərarla yeni mövsüm Çempionlar və Avropa liqalarının reqlamentini elan edib. Koronavirusla əlaqədar oyunu dayandırılan səbəbkarlara 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Yeri gəlmişkən, hazırda 2019-2020-ci illər mövsümünə yekun vurulmaqdadır. Mübarizədə hər iki yarışın pley-off mərhələlərinin yarımçıq qalmış hissələri başlayıb və tezliklə qalib də aşkar ediləcək.

BATI YAR

Xəbər 466 dəfə oxundu.